Bakı metropoliteninin tarixi
XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası - Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.
2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.
2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir.
2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir.
2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.
2011-ci il dekabrın 30-da "Məşədi Əzizbəyov" stansiyası yenidənqurmadan sonra "Koroğlu" adı ilə istifadəyə verilmişdir.
2015-ci il dekabrın 28-də Elmlər Akademiyası stansiyasının 2 çıxışı istifadəyə verilmişdir.
2016-cı il aprelin 19-da 3-cü Bənövşəyi xətt və onun tərkibində olan Avtovağzal və Memar Əcəmi stansiyaları istifadəyə verilmişdir.
Yorumlar
Yorum Gönder